Seçki-2024
Füzuli seçiciləri YAP-ın siyasi xəttini dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Namiq Məmmədovun Füzuli rayonunun Kərimbəyli və Araz Zərgər kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deputatlığa namizəd Namiq Məmmədov haqqında seçicilərə məlumat verib. Qeyd olunub ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin yürütdüyü çox uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün heç bir zaman olmadığı qədər güclü və qüdrətlidir. O, seçiciləri 1 sentyabr parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Namiq Məmmədov bildirib ki, YAP-ın bütün seçkilərdə qələbə qazanması xalqın Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin siyasətinə dəstəyinin bariz təzahürüdür. Qeyd edib ki, partiya ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, xalqımızla birgə addımlayaraq ölkəmizə mühüm uğurlar qazandırıb.
Tədbirdə, həmçinin Aprel şəhidi Orxan Həmidovun anası Tamella Məmmədova çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Öz növbəsində çıxış edən gənc seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Namiq Məmmədov şəhid Nohəl Əlqəmə oğlu Əliyevin ailəsini ziyarət edib.