Seçki-2024
Dövlətçilik, müstəqillik və inkişaf naminə YAP-ın namizədinə səs verək!
Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayonu Səncərədi, Artupa, Züngüləş, Şovaş, Bəndəsər kəndinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək vurğulayıb ki, partiyamızın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir. O bildirib ki, ötən 32 il ərzində partiyamız bütün seçkilərdə böyük qələbələr qazanıb: “YAP sözün əsl mənasında xalqın partiyasıdır. Partiyamızda xalqımızın bütün təbəqələri birləşir”.
Sonra çıxış edən deputatlığa namizəd Rəşad Mahmudov qeyd edib ki, bu gün xalqımız tarixi Zəfərimizin reallıqlarını yaşayır: “Yeni dövr yeni hədəflərlə zəngindir. Ölkəmizi yeni dövrdə möhtəşəm uğurlar gözləyir”. Namizədin çıxışında YAP seçki platformasında ölkəmizin iqtisadi uğurları, neft və qeyri-neft sektorunda qazandığı nailiyyətlər, regionların davamlı inkişafı geniş təhlil edilib və hədəflər açıqlanıb.
R.Mahmudov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Tədbirdə görüş iştirakçıları Şirməmməd Teymurov, Əhmədağa Nəzərov, şəhid xanımı Nuranə Fərəcova çıxış ediblər. Çıxışçılar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində sentyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Rəşad Mahmudov Astara rayonunun Sərək kəndində də seçicilərlə görüşüb.