Seçki-2024
“Azərbaycan xalqı reallıqları düzgün dəyərləndirir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asiman Babayevin YAP Şahbuz rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov bildirib ki, ötən illərə nəzər saldıqda müstəqil dövlət quruculuğunda, ölkəmizin gücünün daha da artmasında Yeni Azərbaycan Partiyasının böyük uğurlara imza atdığı aydın görünür: “Yüksək siyasi mədəniyyətə və intellektual səviyyəyə malik Azərbaycan xalqı reallıqları düzgün dəyərləndirir və heç şübhəsiz, qarşıdan gələn parlament seçkilərində bir daha YAP-a etimad göstərəcəkdir”.
Deputatlığa namizəd Asiman Babayev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, əldə olunan tarixi nailiyyətlər və parlaq qələbələr Azərbaycanda Heydər Əliyev siyasətinin alternativinin olmadığını bir daha təsdiqləyir: “Bu gün qürurla ifadə edirik ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib”.
Tədbirdə, həmçinin Gülanə Mürşüdova, Həyat İsmayılova, Aytən Mahmudova, Elnur Eylazov və digərləri çıxış edərək ümumxalq partiyası olan YAP-ın imza atdığı uğurlara və qarşıda duran hədəflərə diqqəti yönəldiblər.
Seçicilər isə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.