Seçki-2024
Böyük inamla gələcəyə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun Tüləkəran kəndindən olan seçicilərlə görüşü keçirilib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ölkəmizin mühüm siyasi kampaniya-növbədənkənar parlament seçkiləri ərəfəsində olduğunu önə çəkərək bildirib ki, xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, ən böyük siyasət real işlərdir. Real işlər isə göz qabağındadır. Azərbaycan inkişaf edir, gündən-günə qüdrətlənir, müasirləşir, gələcəyə böyük inamla irəliləyir.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə ölkəmizdə həyata keçirlən dövlət siyasətinin uğurları barədə danışıb, həmçinin, millət vəkili seçiləcəyi təqdirdə öz fəaliyyəti ilə partiyamızın və seçicilərin etimadını doğruldacağını bildirib.
Görüş iştirakçılarından Laçın Səfərəliyev və başqaları çıxışlarında Tüləkəran kəndindən olan seçiciləri 1 sentyabrda keçiriləcək parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədi Əlibala Məhərrəmzadəyə səs verməyə çağırıblar.
Seçicilər də namizədə uğurlar diləyib, parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Ə.Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri F.Hüseynova ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlər Tamerlan İqrar oğlu Əliyev, Ceyhun Rüstəm oğlu İsayev və Müşfiq Əjdər oğlu Nəsirovun ailələrini ziyarət ediblər.