Seçki-2024
Müasir tariximizin yeni mərhələsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki rayonunun Baş Şabalıd kənd tam orta məktəbinin akt zalında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan Daşqın Mikayılov YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, YAP zamanın sınaqlarından şərəflə çıxaraq möhtəşəm uğurlara imza atır: “Çünki partiya yarandığı gündən tutduğu yola sadiqliyi ilə seçilir, qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslərlə Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına öz töhfələrini verir. Əminliklə söyləmək olar ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq”.
Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edən ölkədir. Bütün iqtisadi-sosial məsələlər həll olunur, dünyadakı mövqelərimiz möhkəmlənir”.
Vüqar İskəndərov deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğruldacağına söz verib.
Tədbirdə təşviqat qrupunun üzvləri Şahid İsmayılov, Səlim Səlimov və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.