Seçki-2024
Laçınlıların seçimi bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 15-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov YAP Sabunçu rayon təşkilatının qərargahında laçınlı ziyalılar və ağsaqqallarla görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ötən dövr ərzində Azərbaycanın dinamik və hərtərəfli inkişaf dövrü keçdiyindən bəhs edib. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edildiyini qeyd edən İ.İlyasov Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialının yaradıldığını, bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayandığını vurğulayıb.
Çıxışında YAP-ın seçki platforması haqqında ətraflı məlumat verən deputatlığa namizəd Rövşən Muradov isə bildirib ki, Prezident İlham Əliyevin qlobal məsələlərin həllində nümayiş etdirdiyi qətiyyət onun dünyanın nüfuzlu siyasətçilərindən biri olduğunu göstərir. Onun sözlərinə görə, məhz bu qətiyyətli siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunub və laçınlılar da dogma yurdlara qayıdış sevincini yaşayırlar.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Səlim Səlimbəyli, Şikar Qasımov və Ələmdar Şahverdiyev bildiriblər ki, Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməlləri ilə gerçəkləşdirən Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirib.
Görüşdə çıxış edən seçicilər Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Deputatlığa namizəd Rövşən Muradov həmçinin, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” pioner düşərgəsində müvəqqəti məskunlaşmış laçınlı seçicilərlə də görüş keçirib.