Seçki-2024
Qubalılar Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 60 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fidan Bağırovanın Quba rayonunun Vladimirovka kəndindən olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib.
Çıxış edən deputatlığa namizəd Fidan Bağırova bildirib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir. Eyni zamanda, qeyd edib ki, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır.
YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Fidan Bağırova seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd F.Bağırova “Şəhidlər parkı”nda Azərbaycan Milli qəhrəmanlarının, Quba rayonundan Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətən oğullarının, eləcə də Vladimirovka kəndinin şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edib, önünə gül dəstələri qoyub, Vətənin qəhrəman övladlarının xatirəsi ehtiramla yad edib.