Seçki-2024
Xalqın yekdil dəstəyi və etimadı...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 116 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ədilə Əliyevanın YAP Qəbələ rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov deputatlığa namizəd Ədilə Əliyeva haqqında seçicilərə məlumat verib. Bildirib ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib: “Prezident İlham Əliyev özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarix yazıb”.
Çıxış edən deputatlığa namizəd Ədilə Əliyeva YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin fəaliyyəti dövründə verilən vədlərin yerinə yetirilməsindən, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunmasından, güclü ordu yaradılmasından, ən əsası isə Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsindən bəhs edib.
Tədbirdə, həmçinin görüş iştirakçılarından David Musazadə, Qalib Nəbiyev, Reyhan Məmmədova və digərləri çıxış ediblər. Onlar seçiciləri 1 sentyabrda seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.