Seçki-2024
İmişli seçicilərinin seçimi YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının YAP İmişli rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən dövr ərzində çətin və şərəfli yol keçib. Bu gün partiyamız nəinki ölkənin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb.
Tədbirdə çıxış edən deputatlığa namizəd Səyyad Salahlı çıxışında YAP-ın seçki platformasından danışıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etdiyini xüsusi vurğulayıb.
O da qeyd olunub ki, şəhid ailələrinə, müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaq”.
S.Salahlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin şəhid atası Çingiz Səfərov, Madər Hüseynov və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.