Seçki-2024
Yeni reallıqlardan irəli gələn hədəflərlə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin YAP Gəncə şəhərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov partiyanın keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə etdiyini deyib. Qeyd olunub ki, bu gün sıralarında 700 mindən çox insanı birləşdirən YAP gücünü xalqın dəstəyindən alır.
Deputatlığa namizəd Musa Quliyev YAP-ın seçki platforması barədə məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın tərəqqi yolunda inamla addımladığını, qüdrətli və qalib dövlət kimi yüksək nüfuza malik oldğunu söyləyib.
M.Quliyev ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə və qələbə əzmi ilə qatıldığını deyib.
Seçicilər parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə gedən YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.