Seçki-2024
İdeyadan reallığa doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonunun ziyalıları, ağsaqqalları, qadınları, ilk dəfə səs verəcək gəncləri və Mollahəsənli, Əhmədli, Dardərə, Şahvələdli, Qıyıxlı, Dəstəfur kəndlərinin seçiciləri ilə ilə görüşləri keçirilib.
Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub.
Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, seçkilər hər bir demokratik cəmiyyətdə olduğu kimi, ölkəmizdə də mühüm hüquqi-siyasi hadisədir: “Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərə də Yeni Azərbaycan Partiyası yüksək səviyyədə hazırlaşıbdır. Xalq-iqtidar birliyi onu deməyə əsas verir ki, YAP bu seçkilərdə də qalib olacaqdır”.
Çıxış edən deputatlığa namizəd Kamran Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyası 1 sentyabr seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə gedir: “Bu şüarda həm partiyamızın keçmiş siyasi fəaliyyəti, həm xalqımızın qarşısında hesabatı, həm də gələcək hədəfləri öz əksini tapıb. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıbdır”.
Görüşlərdə təşviqat qrupunun üzvləri Cavanşir Qocayev və Nailə Məmmədova çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər İxtiyar Ələsgərov, Ələkbər Mahmudov, Röyal Sadıqov, Mübariz Abbasov, Nüsrəddin Qurbanov, Namiq Hüseynov, Vaqif Bəxtiyarov, Nəsibə Hacıyeva, Asif Məmmədov və başqaları çıxış edərək YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamran Bayramov Daşkəsən şəhərində məhəllələrdə də seçicilərlə görüşüb.