Seçki-2024
YAP növbəti dəfə qələbə qazanmaq gücündədir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirov Cəlilabad rayon Gülməmmədli və Qarakazımlı kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Şahlar Əsədullayev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edib. Ş.Əsədullayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas oldu, yeni inkişaf yoluna çıxdı: “2003-cü ildən başlayaraq bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Qarabağa və Şərqi Zəngəzura qovuşdurdu”.
Çıxış edən deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. E.Nəsirov Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərindən danışıb. O Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu vurğulayıb.
Namizəd çıxışının sonunda seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirlərdə, həmçinin təşviqat qrupunun üzvü Razi Məmmədov, seçicilərdən – Gülməmmədli kənd sakinləri Nicat Mərdiyev, Elsevər Salmanov, Rizvan Vəliyev, Səfər İbişov, Qarakazımlı kənd sakinləri Mahir Əliyev, Əliyar Qələyev, Rahim Bayramov, Rəfail Bəşirov və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.