YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncədə seçicilərlə görüşlər davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək bildirib ki, qədirbilən Azərbaycan xalqı hər zaman Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiqdir və Yeni Azərbaycan Partiyası keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Partiyanın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını deyən B.Aslanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Naqif Həmzəyev öz gücünü xalqın dəstəyindən alan YAP-ın davamlı olaraq böyük uğurlara imza atdığını qeyd edib: “Azərbaycan tarixdə heç zaman bugünkü kimi güclü və qüdrətli olmayıb. Ölkəmizdə sosial-iqtisadi və siyasi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində şanlı ordumuzun parlaq Zəfəri nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi beynəlxalq reytinq təşkilatlarının açıqladıqları hesabatlarda da öz əksini tapır. Əminəm ki, əldə olunan böyük və tarixi uğurlara görə seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasına etimad göstərəcək”.

Görüş iştirakçıları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Naqif Həmzəyev Avtozavod yaşayış massivində də seçicilərlə görüşlər keçrib.