Seçki-2024
Qələbələrə davam!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzən şəhər və Zarat kənd seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxış edərək dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynadığını bildirib.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında məlumat verib. O, qazanılan uğurlar fonunda Azərbaycanın yeni dövrə qədəm qoyduğunu və qarşıda bir çox mühüm hədəflərin dayandığını deyib. Əminliklə vurğulayıb ki, qüdrətli Azərbaycan bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaq: “Qələbə qazanmağa davam edəcəyik!”.
Müşfiq Məmmədli çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd şəhid Sadiq Məmmədovun ailəsini də ziyarət edib.