Seçki-2024
“Yeni qələbələrə müvəffəq olmaq gücündəyik!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə yeni dövr başlanıb: “Qazandığımız möhtəşəm uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Partiyamızın seçki platformasında Azərbaycanın qazandığı uğurlar və qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Yeni Azərbaycan Partiyasına xalqın sevgisi sonsuzdur”.
Deputatlığa namizəd Pərvanə Vəliyeva Azərbaycanın müstəqil dövlət kimi inamla inkişaf etdiyini deyib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxarıb. Ulu Öndərin siyasi varisi cənab İlham Əliyev xalqımıza bənzərsiz uğurlar qazandırıb və Zəfər sevinci yaşadıb. Ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutur və biz daha böyük uğurlara – yeni qələbələrə müvəffəq olmaq gücündəyik”.
Deputatlığa namizəd seçiciləri 1 sentyabr parlament seçkilərində fəal olmağa çağırıb.
Tədbirdə təşviqat qrupunun üzvləri Mürvət Əsgərov, Tofiq Məmmədov və Nizami Mehdizadə, namizədin nümayəndəsi Cəsarət Hüseynzadə çıxış edərək YAP-ın cəmiyyətdə artan nüfuzundan geniş bəhs edərək seçiciləri partiyanın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Xətai rayonu, Natiq Əliyev küçəsində yaşayan seçicilərlə də görüşüb.