Seçki-2024
“Xalqımız YAP-ın fəaliyyətini yüksək qiymətləndirir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 12 saylı Xəzər birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Piriyevanın YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qeyd edib ki, YAP hər zaman qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. O, parlament seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağını vurğulayıb.
Çıxış edən deputatlığa namizəd Pərvanə Piriyeva YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğunu özünün inkişaf yolu seçib: “Demokratik dəyərlərə sədaqət, plüralizm, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır. Ona görə də xalqımız YAP-a inanır, onun fəaliyyətini təqdir edir və daim etimad göstərir”.
Çıxış edən seçicilər qeyd ediblər ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının fəaliyyətini yüksək qiymətləndirir. Onlar ümumxalq partiyası olan YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.