Seçki-2024
YAP xalqın dəstəyinə arxalanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun rayonun Ərçivan qəsəbəsində və Şiyəkəran kəndində seçicilərlə görüşləri keçirilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov ilk dəfə bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən bəhs edib. O, 1993-cü ildən bu günə qədər qatıldığı bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının xalqın dəstəyinə arxalandığını və xalqa xidmət göstərdiyini söyləyib.
Deputatlığa namizəd Rəşad Mahmudov partiyanın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, insanların xoş əhval-ruhiyyəsindən, yüksək fəallığından göründüyü kimi, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı böyükdür: “Hər bir seçkinin nəticələri bu etimadın daha da artdığını təsdiqləyir. Çünki YAP yarandığı gündən Azərbaycanın daha da güclənməsi, nüfuzunun artması, xalqın rifahının daha da yüksəlməsi üçün əzmlə çalışır. Partiyanın sözlə əməl birliyi, hər bir təşəbbüsünün, qəbul etdiyi qərarın Azərbaycanın uğurlu gələcəyinə xidmət etməsi onun cəmiyyətdə rolunu artırır, mövqeyini daha da möhkəmləndirir”.
Elnur Rüstəmov, Araz Mehrəliyev, Əskər Zeynalov və Yunus Qulamov çıxış edərək parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.