Seçki-2024
“Xalqımız Heydər Əliyev yoluna sədaqətini bir daha ifadə edəcək”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ramid Namazovun Abşeron rayonu, Saray qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsi və Saray qəsəbəsindəki Şəhidlər xiyabanı ziyarət olunub. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev seçkilərin əhəmiyyətindən, parlament seçkilərinə hazırlıq prosesindən danışıb və seçiciləri seçki prosesində fəal olmağa çağırıb.
Deputatlığa namizəd Ramid Namazov qarşıdan gələn parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, son 30 ildə qazanılan uğurlar və qarşıda duran hədəflərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqı növbəti dəfə Yeni Azərbaycan Partiyasına dəstəyini ifadə etməklə Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirəcəkdir.
Şəhid Vidadi Zalovun atası Nizami Zalov və digər çıxış edənlər seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.