Seçki-2024
Xocalı seçiciləri YAP-ın qələbəsinə inanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Oğuz rayonu, “Azərbaycan-60” qəsəbəsində və Şəki rayonu, Çələbixan qəsəbəsində məskunlaşmış seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq vurğulayıb ki, öz gücünü xalqın dəstəyindən alan partiya davamlı olaraq böyük uğurlara imza atır. Dövlətimizin həyata keçirdiyi sosial siyasətdən geniş bəhs edən V.Əliyev bildirib ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır.
Çıxış edən deputatlığa namizəd Elman Məmmədov qeyd edib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır: “Prezident İlham Əliyevin “Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” çağırışı atılan addımlarda özünün aydın ifadəsini tapır. Bütün bunlar parlament seçkilərində YAP-ın qələbə qazanacağına təminat verir”.
Görüş iştirakçılarından Nizami Əliyev, Araz Quliyev, Minirə Məmmədəliyeva və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.