Seçki-2024
YAP hər zaman xalqın mənafeyini qoruyur
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən üzrə deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın Lökbatan qəsəbəsində yaşayan ziyalılarla görüşü keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu partiyanın hər zaman Azərbaycan xalqının rifahına xidmət etdiyini bildirib. Rayon təşkilatının sədri YAP-ın "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılacağına əminliyini vurğulayıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Səbinə Xasayeva Azərbaycanın çox mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu - sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. Səbinə Xasayeva YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, ölkəmizdə müstəqilliyin bərpasından sonra köklü sosial-iqtisadi islahatlar aparılıb, bazar iqtisadiyyatına keçid təmin edilib, müasir infrastruktur quruculuğu, qlobal enerji və nəqliyyat layihələri reallaşdırılaraq iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına nail olunub. Azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işləri deməyə əsas verir ki, ölkəmizin inkişafı bundan sonra da diqqət mərkəzində olacaq. Çıxışının sonunda Səbinə Xasayeva bildirib ki, əgər seçicilər ona yenidən etimad edərlərsə, var gücü ilə bu etimadı doğrultmağa çalışacaq.
Görüşdə çıxış edən seçicilər Zahiq İbrahimov, Türkan Məmmədli, Cavanşir Eyvazov, Səkinə Babayeva, Ülviyyə Orucova və başqaları seçiciləri həmişə xalqın mənafeyini rəhbər tutan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.