Seçki-2024
“Məqsədimiz yeni hədəflərin reallaşdırılmasıdır”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin rayonun Kəbirli və Qaradolaq kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yeni reallıqlar yaratdığını deyib. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığına diqqət çəkərək həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlar və qarşıda duran hədəflərdən danışıb, seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Tahir Rzayev ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatıldığını deyib. Onun sözlərinə görə, əldə olunan çoxsaylı qələbələr YAP-ın ümumxalq partiyası olduğunu sübut edib. Hazırda qarşıda dayanan başlıca məqsəd yeni hədəflərin reallaşdırılmasıdır.
Çıxış edən seçicilər - Ədalət Əliyev, Famil Orucov, Nəbi Məmmədov, Surxay İmanov, Zülfüqar Əliyev və Xəyalə Həmzəyeva YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.