Seçki-2024
“Qələbə əzmindəyik!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Qəbələ rayonunun Bum, Qəmərəvan qəsəbələrindən, Zərgərli, Tikanlı və Abrıx kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, ölkəmizdə bütün sahələri əhatə edən islahatlar aparılır: “Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkəmiz daha da qüdrətlənir. YAP Azərbaycanın inkişafında müstəsna rol oynayır. 1993-cü ildən etibarən partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu dəfə də qələbə əzmindədir”.
Deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədalətin bərpasına nail olub: “Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində yeni reallıqlar yaradan Azərbaycan dünyada söz sahibinə çevrilib”.
Tədbirdə, həmçinin İlkin Lətifov, Fərman İbrahimov, Azər Əfəndiyev, Hürü İbrahimova, Rəşadət Nurədinov, Nizami Abdullayev, Müslüm Cabbarov, Sakit Bəkirov, Ramiz Mikayılov, Ədalət Tağıyev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini vurğulayıblar.