Seçki-2024
Böyük nailiyyətlərin davamına səs verək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzunun yüksəlməsindən danışıb: “Azərbaycan tarixdə heç bir zaman Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi güclü və qüdrətli olmayıb. Həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində şanlı ordumuzun parlaq Qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir”.
Çıxış edən deputatlığa namizəd Pərvin Kərimzadə qeyd edib ki, liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Prezident İlham Əliyev Azərbaycana dünyanın siyasət aləmində böyük nüfuz qazandırıb: “Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, dövlətimizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırması, əhalinin rifahının yaxşılaşdırılması və xalq-dövlət birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir”. O, YAP-ın məhz belə möhtəşəm nailiyyətlərlə parlament seçkilərinə getdiyini diqqətə çatdırıb.
Tədbirdə təşviqat qrupunun üzvlərindən Əhməd Məlikov, Nərgiz Rəsulova, Çinarə Səfərova və digərləri çıxış edərək, uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Tədbirdə çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Pərvin Kərimzadənin seçicilərlə fərdi görüşləri də baş tutub.