Seçki-2024
Yeni dövr ölkəmizə yeni uğurlar vəd edir
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradovun Qaradağ rayonu, Ümid qəsəbəsi və “Qobu Park – 1” yaşayış massivində məskunlaşmış laçınlı seçicilərlə görüşləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O qeyd edib ki, yeni dövr Azərbaycana yeni uğurlar vəd edir.
Deputatlığa namizəd Rövşən Muradov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına layiqli şəkildə qayıdışının təmin edilməsi qarşıda duran önəmli hədəflərdəndir: “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu məqsədlə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edilib və hazırda icra olunmaqdadır. Bu proses çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü yeni Azərbaycanın parlaq gələcəyinə töhfə verəcəkdir”.
Knyaz Məmmədov, İbrahim Məmmədov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.