Seçki-2024
Xalqın YAP-a birmənalı dəstəyi ölkəmizin qüdrətinin artmasına xidmət edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun rayonun Arbatan, Aşağı Kürkənd və Xurşud kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov qeyd edib ki, Azərbaycanın hər bir uğurunda YAP-ın müstəsna rolu var: “YAP suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsinə öz töhfələrini vermək üçün daha böyük səylə çalışır. Partiyanın yeni dövrün çağırışlarına uyğun olaraq növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılandı. Şübhə yoxdur ki, xalqımız bu seçkilərdə də partiyanın namizədlərinə dəstək olacaq, yeni hədəflərin reallaşmasına töhfələrini verəcəklər”.
Tədbirdə çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov daim müstəqil Azərbaycanın daha da güclənməsi, müasirləşməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və əhəmiyyətli uğurlara nail olduğunu söyləyib. Deputatlığa namizəd bildirib ki, parlament seçkilərində YAP-ın namizədlərinə veriləcək səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.
Tədbirdə, həmçinin şəhid atası Rəşad İsayev, təşviqat qrupunun üzvü Malik Kərimov, YAP fəalı Qəfər Məmmədov, seçici Adıgözəl Məmmədov və digərləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər qarşıda duran bütün hədəflərin gerçəkləşməsi üçün YAP-a etimad göstərəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Sadiq Qurbanov seçicilərlə fərdi görüşlər də keçirib, Aşağı Kürkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Azər Əliyevin ailəsini ziyarət edib.