Seçki-2024
Yeni hədəflərə yeni Azərbaycanla!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Binəqədi rayon təşkilatında şəhid ailələri və qazilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi, xalqımızın əmin-aman bir şəkildə və yüksək həyat şəraitində yaşadığı əsl sabitlik adasına çevrilib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın beynəlxalq miqyasda daha da gücləndiyini vurğulayıb. Təşkilat sədri dövlət başçısının rəhbərlik etdiyi YAP-ın məhz bu uğurlar fonunda parlament seçkilərinə getdiyini qeyd edib.
Deputatlığa namizəd Səbinə Xasayeva çıxışında dövlətimizin şəhid ailələrinə və qazilərə yüksək qayğı göstərdiyini bildirib. O, görüşdə qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən bəhs edib, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd görüş iştirakçılarını qarşıdan gələn seçkilərdə fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.
Tədbirdə Vətən müharibəsi şəhidləri Tural Qarayevin atası Şahin Qarayev, Nicat Səmədovun anası Pərvanə Səmədova və digərləri çıxış ediblər. Qeyd olunub ki, xalqımız 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə böyük tarixi zəfərə imza atıb. Sözsüz ki, bu Zəfər ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qəhrəmanlığı və peşəkarlığı sayəsində reallaşıb. Çıxış edənlər bütün seçiciləri YAP-ın namizədlərinə səs verməyə və cənab Prezidentin siyasətini dəstəkləməyə çağırıblar.