Seçki-2024
“Xalqımız bu dəfə də müdrik seçim edəcək”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyev Totanlı və Bala Bağban yaşayış massivinin seçiciləri ilə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək xalqımız qarşısında misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan bu gün inkişaf yolunda inamla addımladığını diqqətə çatdırıb.
Deputatlığa namizəd Naqif Həmzəyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsindən danışaraq, ölkəmizin təkcə Cənubi Qafqazın lideri deyil, bütün dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini qeyd edib.
Tədbirdə təşviqat qrupunun üzvləri Nizami Əhmədov və Əlimuxtar Muxtarov çıxış edərək yeni qələbələr naminə seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. “Əminik ki, xalqımız bu dəfə də müdrik seçim edəcək”, - deyə vurğulanıb.
Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev Gülüstan qəsəbəsində də seçicilərlə görüş keçrib.