Seçki-2024
“Yeni qələbələrin astanasındayıq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun rayonun Haftoni kəndində seçicilərlə görüşü keçirilib.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev vurğulayıb ki, ümumxalq partiyası olan YAP yarandığı dövrdən indiyə qədər Azərbaycanın tərəqqisi naminə çalışıb: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azəbaycan Partiyasının nüfuzu gündən-günə artır”.
Çıxış edən deputatlığa namizəd Anar İsgəndərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan bu gün dünyada nüfuzlu dövlət kimi tanınır: “Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası hər birimizin qürur mənbəyidir. Artıq yeni dövrə qədəm qoymuşuq. Qarşımızda bir çox mühüm hədəflər durur və qüdrətli Azərbaycan dövləti bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaqdır. Biz yeni qələbələrin astanasındayıq”.
A.İsgəndərov parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsinin önəmini də vurğulayıb.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə Asif İmanlı, Ələkbər Əliyev, Ramin Höccətov və Emin Məlikov çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.