Seçki-2024
Çətin və şərəfli yol
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlahə Abdullazadənin Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin akt zalında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Z.Cəfərov dövlətçiliyin daha da möhkəmləndirilməsi, müstəqilliyin əbədiliyi naminə Yeni Azərbaycan Partiyasının fəaliyyətini xalqın istək və arzularına uyğun müəyyənləşdirdiyini ifadə edib. O, deputatlığa namizəd İlahə Abdullazadə haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd İlahə Abdullazadə YAP-ın ölkədə milli birlik və həmrəyliyin yaranmasında aparıcı siyasi qüvvə kimi rolunu əməli fəaliyyəti ilə doğrultduğunu qeyd edib. O, bildirib ki, YAP-ın keçdiyi çətin və şərəfli yol xalqımızın müstəqil dövlətçilik ideallarına, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin parlaq gələcəyinə hesablanıb.
İlahə Abdullazadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.