Seçki-2024
Şəhid ailələrinin və qazilərin seçimi YAP-ın namizədləridir
Növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşovun Nərimanov rayonunda şəhid ailələri, müharibə veteranları və iştirakçıları ilə görüşü keçirilib.
Tədbir iştirakçıları əvvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunmasında və bərpasında canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov dövlətimizin və partiyanın şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına qarşı həssas yanaşmasından, bu sahənin həyata keçirilən layihələrin əsasını təşkil etməsindən geniş bəhs edib.
18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşov çıxış edərək, şəhid və qazi ailələrinin, onların valideynlərinin qarşısında baş əydiyini bildirib. Nizami Babaşov 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib. Deputatlığa namizəd hər bir seçici kimi şəhid ailələrinin də seçkilərdə aktiv iştirakının seçki prosesi üçün olduqca mühüm olduğunu qeyd edib.
Qazilər və şəhid ailələrinin üzvləri dövlət və YAP tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar qarşıdan gələn 1 sentyabr növbədənkənar parlament seçkilərində aktiv iştirak edərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini xüsusi vurğulayıblar.