Seçki-2024
Yeni Azərbaycanla davamlı zəfərlərə doğru!
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Leyla Babışovanın YAP Şuşa rayon təşkilatında seçicilərlə görüşü keçirilib.
YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası fəaliyyətini demokratiya prinsipləri əsasında qurur: "Daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi və müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP seçkilərdə seçki marafonuna qatıldığı şüarla bir daha tutduğu yola, xəttə sadiq olduğunu nümayiş etdirir".
Deputatlığa namizəd Leyla Babışova çıxışı zamanı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib: "Partiyanın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən ictimai-siyasi proseslərin mərkəzində olacaq”.
Tədbirdə təşviqat qrupunun üzvləri Arif Dostiyev, Nazilə İbrahimova, Nərgiz Mahmudova və digərləri çıxış ediblər. Qeyd edilib ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması kimi möhtəşəm tarixi hadisədən sonra yeni reallıqlar yaranıb. Çıxış edən seçicilər isə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini deyiblər. Qeyd olunub ki, YAP-ın namizədlərinə səs vermək rifahı, yüksəlişi və tərəqqini seçməkdir.