Seçki-2024
Yeni qələbələrlə irəli!
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun YAP Qubadlı rayon təşkilatında rayon gəncləri, idmançıları və ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Görüşdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov çıxış edərək partiyamızın uğurlarından bəhs edib, parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib.
Çıxış edən deputatlığa namizəd İmamverdi İsmayılov isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının müasir tariximizin ən mühüm hadisəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası məhz belə bir zəfərlə parlament seçkilərinə gedir. Hazırda isə azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir. İmamverdi İsmayılov növbəti dəfə deputat seçiləcəyi təqdirdə etimadı doğruldacağına söz verib.
Çıxış edən seçicilər isə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.