Seçki-2024
Şəhid ailələri dövlətə əmanətdirlər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Hikmət Məmmədov Vətən müharibəsi şəhidi Ələddin Azər oğlu Səidovun ailəsini evində ziyarət edib.
YAP-ın deputatlığa namizədi Hikmət Məmmədov şəhidin ailə üzvləri ilə söhbət edib, onların arzu və istəklərini dinləyib. H.Məmmədov qeyd edib ki, şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli dövlət başçısının hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Bildirib ki, cəmiyyətimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini daim uca tutur və onların ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub.
Hikmət Məmmədov həmçinin partiyanın seçki platforması haqqında məlumat verib və Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də inamlı qələbə qazanacağına dair əminliyini bildirib.
Şəhid atası Azər Səidov və ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Hikmət Məmmədova qarşıdan gələn parlament seçkilərində uğurlar arzu edən şəhid ailəsinin üzvləri hər zaman olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.