YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər firavan və xoşbəxt gələcəyə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İsrafil Məmmədovun rayonun Otuziki, Muradalılı və Nurulu kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesindən danışıb. Azərbaycanda son dövrlərdə gedən sosial-iqtisadi inkişafdan da bəhs edən S.Ağayev bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları formalaşdırıb. Vurğulayıb ki, Azərbaycanda həm siyasi, həm də iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.

Deputatlığa namizəd İsrafil Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan yeni dövrə qədəm qoyur: “Dövlətimiz genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatımızda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb”.

İsrafil Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin şəhid atası Tədbir Quliyev, seçicilər Azad Əliyev, Bəşir Məmmədov və digərləri çıxış edərək parlament seçkilərində Azərbaycanı uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparan, gələcək xoş günlərimizin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini deyiblər.