Seçki-2024
YAP qələbələr partiyasıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Firəngiz Məmmədyarovanın YAP Göyçay rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov seçiciləri 1 sentyabrda seçki məntəqələrinə gələrək daha güclü Azərbaycan naminə, ölkəmizin inkişafı, firavan və xoşbəxt gələcəyi üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədə səs verməyə çağırıb. O, deputatlığa namizəd Firəngiz Məmmədyarova haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Firəngiz Məmmədyarova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. F.Məmmədyarova parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürüldüyü üçün partiyanın rəhbərliyinə dərin minnətdarlığını bildirib.
YAP-ın ölkəmiz üçün çox vacib bir dönəmdə yaranmasından bəhs edən F.Məmmədyarova Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük siyasi təşkilata çevrildiyini vurğulayıb.
Daha sonra çıxış edən yerli təşviqat qrupunun üzvləri Z.Mirzəliyeva, N.Şirinov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.