Seçki-2024
Laçınlı seçicilər YAP-ın namizədini dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradovun YAP Binəqədi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını deyib. O, Azərbaycanın partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin yaratdığı milli-mənəvi dəyərlər əsasında inkişaf etdiyini diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında tamamilə yeni dövrdür. O, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işlərinin böyük sürətlə həyata keçirildiyini, insanların rahat yaşaması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Təşviqat qrupunun üzvləri Şikar Qasımov, Gülməmməd Məmmədov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından, əldə edilən uğurlardan və gələcəkdə atılacaq addımlardan danışıb, seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.
Seçicilər çıxışlarında “Yeni dövrə Yeni Azərbaycanla!” naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Görüşdən sonra deputatlığa namizəd Rövşən Muradov Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan laçınlı seçicilərlə görüş keçirib.