Seçki-2024
Yeni Azərbaycanla yeni qələbələrə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun rayonun Yenikənd kəndində Yenikənd, Şəkərli, Həsənli və Qardili kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqı artıq işğal və seperatizm problemi olmadan, eləcə də müstəqillik tarixinin ən güclü dövrünü yaşayaraq parlament seçkilərində iştirak edəcək.
Tədbirdə çıxış edən namizəd Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının şərəfli və zəngin inkişaf yolundan, müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərdən danışıb. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu vurğulayıb.
Tədbirdə şəhid atası Misir Nəcəfov, təşviqat qrupunun üzvü, Əməkdar müəllim Səlimağa Səlimli, kənd sakinləri Yenikənd kənd tam orta məktəbin müəllimi Flora Dünyamalıyeva və digərləri çıxış edərək seçiciləri 1 sentyabr tarixində seçki məntəqələrinə gedərək aktiv olmağa və YAP-ın namizədlərinə səs verməyə dəvət ediblər.
Seçicilər də öz növbəsində Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə - Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Sadiq Qurbanov rayonun Yenikənd, Şəkərli, Həsənli və Qardili kəndlərində sakinlərin evlərində olub və seçicilərlə görüşüb.