YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Gənclərin seçimi Yeni Azərbaycan Partiyasıdır!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa    namizədliyi irəli  sürülmüş Səməd Seyidovun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkədə tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirildiyini, bunun nəticəsində mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli, sağlam və zəngin mənəviyyatlı vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Səməd Seyidov YAP-ın seçki platformasında əksini tapan hədəflərdən danışıb. O bildirib ki, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gəncliyin formalaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi, Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı əsas prioritetlərdəndir: “Gənclərin təhsil və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, məşğulluğu və karyera quruculuğu, elmi, mədəni, innovativ və yaradıcılıq potensialının artırılması, könüllülər hərəkatının inkişafı üzrə tədbirlərin davam etdirilməsi də yeni dövrün yeni hədəfləri sırasındadır”.

Səməd Seyidov çıxışında gəncləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. “Əminik ki, bu dəfə də gənclərin seçimi Yeni Azərbaycan Partiyası olacaqdır”, - deyə vurğulanıb.

Görüşdə Xatın Hüseynxanova, Barat Alıyev, Pəri İbrahimova, Məmməd Yusifov, Bəsti Ələkbərova, Elxan Abdullayev və digərləri çıxış edərək  uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Səməd Seyidovun Kosalar kəndində də seçicilərlə görüşü olub.