Seçki-2024
Azərbaycan xalqı YAP-a böyük inam bəsləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, ölkəmiz regionun lider dövləti olaraq çox mühüm uğurlara imza atıb: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi Azərbaycana daha möhtəşəm nailiyyətlər qazandıracaqdır”.
Deputatlığa namizəd Səbinə Xasayeva çıxışında YAP-ın seçki platformasından ətraflı bəhs edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazanması xalqın Heydər Əliyev ideyalarına sədaqətinin, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyinin bariz təzahürüdür: “Partiya ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, xalqımızla birgə addımlayaraq ölkəmizə mühüm uğurlar qazandırıb. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına böyük inam bəsləyir”.
Tədbirdə, Anar Nağıyev, Faiq Qocayev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.