Seçki-2024
“Bütün uğurlarımız və möhtəşəm qələbələrimız Heydər Əliyev yolu ilə bağlıdır”
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux şəhərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qədirbilən Azərbaycan xalqının hər zaman Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinə, əbədiyaşar ideyalarına sadiq olduğunu bildirib. O, YAP-ın bugünədək keçirilən bütün seçkilərdə olduğu kimi, növbədənkənar parlament seçkilərində də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın bütün uğurları və möhtəşəm qələbələri Heydər Əliyev yolu ilə bağlıdır: “Müstəqillik dönəmində Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi dövrü kimi həkk olunub, tarixi Zəfərimizin bünövrəsi qoyulub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb”.
Tədbirdə şəhid atası Xaləddin İsgəndərov, Tahir Bağırov və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.