Seçki-2024
"Qalib Azərbaycanla qürur duyuruq!"
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Bərdə şəhərində məskunlaşmış Ağdam və Xocalı rayonlarından olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxış ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır.
Deputatlığa namizəd Elman Məmmədov çıxışında YAP-ın seçki platforması haqqında məlumat verib. O, müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən və qarşıda duran hədəflərdən bəhs edib.
E.Məmmədov seçiciləri parlament seçkilərində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.
Tədbir iştirakçılarından Məhsəti Hüseynova, Tural Mərdanov, İradə Quliyeva və başqaları çıxış edərək qalib Azərbaycanla qürur duyduqlarını və seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.