Seçki-2024
“YAP xalqımızın alternativsiz seçimidir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın YAP Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Azərbaycan xalqı yenidən Heydər Əliyev yoluna sədaqətini ifadə edəcək, Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandıran müstəqil siyasətinə birmənalı dəstək verəcək.
Çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva YAP-ın seçki platforması barəsində məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. “Şübhə yoxdur ki, bu inkişaf davam edəcək, yeni hədəflərin reallaşdırılması nəticəsində Azərbaycanın qüdrəti daha da artacaqdır”, - deyən S.Fətəliyeva YAP-ın Azərbaycan xalqının alternativsiz seçimi olduğunu vurğulayıb.
Namizəd sonda seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə fəal iştirak etməyə dəvət edib.
Görüşdə seçicilər Səadət Məmmədova, Tünzalə Süleymanova, Ədalət Mahmudov və digərləri çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.