Seçki-2024
Yeni uğurlar və qələbələr naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərində seçicilərlə görüşü baş tutub.
Bu görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini deyib. O bildirib ki, bu gün Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, Vətənin mənafeyi naminə səy göstərir.
Deputatlığa namizəd Aydın Mirzəzadə öz çıxışında əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz nümunəsi onun milli maraqların ifadəçisi olmasıdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artır. Qazanılan nailiyyətlərin zirvə nöqtəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır.
Aydın Mirzəzadə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb, yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı doğrultmaq üçün çalışacağına söz verib.
Görüşdə təbliğat-təşviqat qrupunun üzvləri Rizvan Mikayıllı, Pərviz Məmmədov və digərləri çıxış edərək seçiciləri yeni uğurlar və qələbələr naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Sonda çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.