Seçki-2024
Yeni Azərbaycan Partiyası inam və etimad ünvanıdır!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın namizədi ilə görüşə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Daha sonra Yeni Azərbaycan Partiyasının 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədi Elnarə Akimova haqqında seçicilərə məlumat verib.
Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova isə ilk olaraq göstərilən etimada görə YAP-a, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. E.Akimova parlament seçkilərinin əhəmiyyətindən bəhs edib və diqqətə çatdırıb ki, ölkəmiz, o cümlədən YAP zəngin seçki təcrübəsinə malikdir. Deputatlığa namizəd qeyd edib ki, bu gün YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır, ölkəmiz hər bir sahə üzrə dinamik inkişaf edir. YAP-ın seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəfə nail olacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Elmar Xəlilov, İbrahim İlyaslı, Varis Yolçuyev ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur, məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir.
Görüşdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədi Elnarə Akimovaya səs verəcəklərini bəyan ediblər.