Seçki-2024
Xocalı seçiciləri YAP-ın namizədinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Camal oğlu Məmmədovun Gəncə şəhər 600 yerlik qəsəbədə məskunlaşmış seçicilərlə görüşü keçirilib.
Görüşü YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev açaraq Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmiz və xalqımız bütün hədəflərinə çatıb. Bütün sahələrdə inkişaf əldə olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Bütün bunlarla yanaşı cənab İlham Əliyevin Liderliyi ilə xalqımızı və ölkəmizi daha da parlaq gələcək gözləyir.
Deputatlığa namizəd Elman Məmmədov çıxış edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında təqdim etdiyi seçki platformasında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bugünədək keçdiyi inkişaf yolu, qazandığı uğurlar və onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər öz əksini tapıb.
Tədbirdə iştirak edən Rafiq Quliyev, Tahir Həsənov, Rafiq Əsgərov, Nadir Məmmədov və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.