Seçki-2024
Şəhid ailələri Prezidentin siyasətinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məcisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun YAP Nərimanov rayon təşkilatında şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov bildirib ki, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, YAP tərəfindən şəhid ailələri, müharibə iştirakçıları və veteranlara diqqət və qayğı Nərimanov rayonunda da öz əksini tapmaqdadır: “Belə ki, Nərimanov rayon ərazisində yaşayan və qeydiyyatda olan bu qrupdan olan hər bir ailəni maraqlandıran məsələləri nəzarətdə saxlamaq təşkilatımızın əsas məqsədlərindən biridir”.
YAP tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub: “Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara minlərlə mənzil, avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Vətən müharibəsi qəhrəmanlarına və Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşır, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır”.
1 sentyabr tarixində ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini deyən deputatlığa namizəd Hikmət Məmmədov YAP-ın seçki proqramında da şəhid ailələri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüş zamanı diqqətə çatdırılıb ki, Azərbaycan xalqı qəhrəman övladlarının əziz xatirəsini əbədi yaşadacaq. Qəhrəman şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür ediblər, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildiriblər. Həmçinin qarşıdan gələn 1 sentyabr növbədənkənar parlament seçkilərində YAP namizədlərinə səs verəcəklərini ifadə ediblər.