Seçki-2024
Parlament seçkiləri mühüm siyasi hadisədir
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 35 saylı Xətai 3-cü seçki dairəsi üzrə deputatlığa namizədi Pərvanə Vəliyeva Vətən müharibəsi şəhidi Füzuli Əliyevin ailəsini ziyarət edib.
Namizəd şəhidin anasına, eləcə də digər şəhidlərin valideynlərinə belə qəhrəman və cəsur övladlar yetişdirdiklərinə görə bir daha minnətdarlığını ifadə edib. Görüşdə şəhid qəhrəman Füzuli Əliyevin döyüş şücaətindən, yer aldığı uğurlu hərbi əməliyyatlardan söhbət açılıb. Pərvanə Vəliyeva “Fiqo” ləqəbli şəhid kapitan haqqında qeyd edib: “Azərbaycanın cəbhədə tarix yazan mərd oğullarının fədakarlığı, rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü bərpa olundu. Onların əbədi xatirəsi qəlbimizdə daim yaşayacaqdır”.
O qeyd edib ki, ərazi bütövlüyünü tam təmin edən qalib Azərbaycan dövlət olaraq tarixinin qürur dövrünü yaşayır. 44 günlük müharibə və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvası tam dağıdıldı. Biz dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. İlk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri keçirildi. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Bu müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək. Ölkə başçısının sərəncamı ilə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır.
Şəhidin anası da öz növbəsində namizədə xeyir-dua verərək, dəstəyini ifadə edib.