Seçki-2024
Növbəti zəfərlərə doğru!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Mehdili və Xanağalı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya giriş sözü ilə çıxış edərək hər bir siyasi partiyanın cəmiyyətdə layiqli mövqe qazanaraq etimad ünvanına çevrilməsinin ona rəhbərlik edən Liderin idarəçilik keyfiyyətləri ilə şərtləndiyini bildirib. Ümummilli maraqları təmsil edən cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası tarixi qələbələrə imza atıb. Bildirib ki, növbəti parlament seçkiləri Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır.
Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev Yeni Azərbaycan Partiyasının əldə etdiyi böyük uğurların xalqımızda gələcək barədə böyük əminlik yaratdığını bildirib. O, qeyd edib ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması kimi möhtəşəm tarixi hadisədən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində parlament seçkiləri keçiriləcək.
Xanlar Fətiyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı doğruldacağını bildirib.
Tədbirdə təşviqat qrupunun üzvləri, şəhid anaları İsbət Hətəmova, Mehparə Qəribova çıxış ediblər. Çıxış edənlər ölkəmizin işıqlı gələcəyi naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən Mehdili kənd seçiciləri Şirinova Raziyyə, Yusif Yusifli, Hilal Əliyev, Xanağalı kənd seçiciləri Faiq Quliyev, Xatirə Paşayeva, Rizvan Nərimanov 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Xanağalı kəndində şəhidlər İdris Nazim oğlu Nərimanov, Elməddin Qabil oğlu Lətifovun ailəsində olub, seçiciləri ilə görüşüb.