Seçki-2024
Böyük etimad, sonsuz inam
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Düzbilici, Xəlfələr və Günəşli kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatıldığını diqqətə çatdırıb. O, deputatlığa namizəd Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, 2003-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atıb. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs Azərbaycanın sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib.
Mahir Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Şəfiqə Məmmədova, Təvəkkül Əliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, 2024-cü ilin fevral ayında keçirilmiş prezident seçkisində xalqın mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə həyata keçirilən siyasətə, Heydər Əliyev yoluna dərin inamını bir daha nümayiş etdirib. Xalqımız bu seçkilərdə də YAP-ı dəstəkləyəcək.
Görüş zamanı çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Mahir Süleymanlı Günəşli kəndində şəhid Tural Seyidovun ailəsini ziyarət edib.