YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu siyasət növbəti qələbələrə yol açır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun Qaymaqlı və Aslanbəyli kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşləri  giriş  sözü  ilə  açan  YAP  Qazax  rayon   təşkilatının   sədri Anar Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın sıraları getdikcə daha da artmaqdadır: “Sözsüz ki, bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir”.

Rayon təşkilatının sədri partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına əmin olduğunu bildirib.

Çıxış edən deputatlığa namizəd Səməd Seyidov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd S.Seyidov xatırladıb ki, məhz Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə mövqeyini gücləndirir. O, qeyd edib ki, artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz.

Səməd Seyidov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına  söz verib. 

Görüşlərdə həmçinin, Qazax rayonu üzrə seçki qərargahının üzvlərindən Bəsti Ələkbərova, İsgəndər Qurbanov, Müqabil Məmmədov, Kazım Kazımlı, Gülnaz Alişanova və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün də aparıcı qüvvə kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırdılar.

Öz növbəsində çıxış edən seçicilər Səməd Seyidovu yaxşı tanıdıqlarını, onu dəstəklədiklərini bildirərək, 1 sentyabr seçkilərində YAP-ın namizədi S.Seyidova səs verəcəklərini vurğulayıblar.